2010/11/11

Qədərin Mükəmməlliyini və Hər şeydə Xeyir Olduğunu Düşünməmək

Allah Quranın bir ayəsində "...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. " (Bəqərə Surəsi, 216) deyə bildirməkdədir. İnsanlar həyatda bəzən gözlənilməz, istəmədikləri,  ya da xoşlanmadıqları hadisələrlə qarşılaşa bilərlər. Bunların hər biri " Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur..." (Mülk Surəsi, 2) ayəsiylə bildirildiyi kimi, insanların sınanması üçün xüsusi olaraq yaradılan hallardır.  İnsana düşən isə, başına gələn hadisə hər nə qədər çətin, ya da mənfi kimi görünsə də, Allaha güvənmək və Rəbbimizin bu hadisədə bir xeyir təqdir etdiyini bilməkdir. Mömin insan, ürəyində yaşadığı bu güvən və təslimiyyəti əxlaqına da hakim edər. Bu, Allahın Quran ilə insanlara əmr etdiyi təvəkküllü davranışdır.
Təvəkkül, insanlar üçün Allahdan bir rəhmət və böyük bir asanlıqdır. Allahın "… sizə üz vermiş müsibət Allahın izni ilə oldu …" (Ali İmran Surəsi, 166) ayəsiylə bildirdiyi gerçəyi anlayan insanlar, Allahın ağlına təslim olarlar. Beləcə həm həyatlarının hər anını, gözəllikləri və xeyirləri görərək keçirmiş, həm də göstərdikləri əxlaq ilə Allaha olan imanlarını və etibarlarını ortaya qoymuş olarlar. Belə olduqda Allah bu əxlaqa qarşılıq olaraq "... Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar. " (Talaq Surəsi, 4) ayəsiylə bildirildiyi kimi, onlara qatından bir asanlıq yaradar. Allahın " Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir." (Fəth Surəsi, 4) ayəsində buyurduğu kimi, göstərdikləri təvəkkülə qarşılıq Allah çətinliklər qarşısında möminlərin ürəklərinə fərahlıq gətirər  və onlara hüzur və güvən duyğusu verər.
Quranda, Allahın xeyir, ya da şər olaraq görünən bütün hadisələri səmimi qullarının xeyrinə çevirəcəyini bilən möminlərin, Allaha olan təvəkküllərini bu sözlərlə dilə gətirdikləri xəbər verilir:
(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah təvəkkül etsinlər”. (İbrahim Surəsi, 12)
Allaha güvənən bir insan hər hansı bir hüzün və qəmginlik yaşamaz. Bu, Allahın mütəvəkkil qullarına bir vədidir. Ayədə belə buyurulmaqdadır: Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” (Əhqaf Surəsi, 13)
Göründüyü kimi təvəkkül etdikdə, Allahın icazəsiylə hər şey çox asanlaşır. Təvəkkülsüzlükdə isə, həyatın hər detalı insanlar üçün ayrı bir çətinlik, ayrı bir sıxıntı və ayrı bir əzaba çevrilər. Hər iş qarışıq və içindən çıxılmaz bir hal alar. Ən sadə, ən bəsit  və həlli ən asan olan hadisələr belə təvəkkülsüz insanların gözündə böyüyər. Bu insanlar Allaha iman etdiklərini söylədikləri halda, bəzən qədərin necə mükəmməl bir nizam içərisində işlədiyini unuda bilər və hadisələrin Allahdan müstəqil olaraq inkişaf etdiyi düşüncəsinə qapıla bilərlər. Buna görə başlarına gələnlərə xeyir gözüylə baxa bilməz, hadisələrdəki hikmətləri görə bilməzlər. Davamlı qorxu və narahatlıq içərisində yaşayarlar. Daha ortada heç bir şey yoxkən belə ola biləcək mənfi ehtimalları düşünərək təvəkkülsüzlüyün gətirdiyi narahatlığı yaşayarlar. Eyni şəkildə ən müsbət və ən  yolunda gedən hadisələrdə belə, yenə həmişə çatışmazlıq olaraq xarakterizə edəcək bir şey taparlar.
Bununla yanaşı başlarına gələn hadisələrin Allahdan olduğunu düşünmədikləri üçün, qarşılarına çıxan bütün çatışmazlıqları və problemləri özlərinin həll edəcəklərini sanaraq müdhiş bir çətinliyə girərlər. Halbuki hər nə etsələr etsinlər, Allah diləmədikcə heç bir çətinliyə  çarə tapmaları mümkün olmaz. Çarə tapdıqda, bu da yenə ancaq Allahın əmri ilə reallaşar. Bu səbəblə təvəkküllü insan, bütün çıxış yollarını sınayar, əlindən gələn bütün səyi göstərər, ancaq nəticəni yaradacaq olanın Allah olduğunu bildiyi üçün, bunları hüzur  və rahatlıq içərisində edər.
Təvəkkülsüz insanların yaşadıqları çətinliklərə gündəlik həyatda tez-tez rast gəlmək mümkündür. Məsələn işə getmək üçün minəcəyi avtobusa gecikən bir insanın, avtobusun ardından əsəbi şəkildə  deyindiyinə çox rast gəlmisiniz. Buna görə dəqiqələrlə özünə gələ bilməz, hətta bir başqa yolla işinə vaxtında çatmağı bacarsa belə, gün boyu bu hadisənin təsirindən xilas ola bilməz. Günə çatışmazlıqla başladığını, bu səbəbdən də gün boyunca bütün işlərinin tərs gedəcəyini düşünərək, öz-özünə stressə düşüb əzab çəkər. Bunun yerinə Allahın bu hadisə ilə təqdir etmiş ola biləcəyi xeyirləri düşünmüş olsa, həm heç belə bir çətinliyə girməyəcək, həm də tərs getmiş kimi görünən bir hadisədə Allaha təslim olaraq, Allahın razılığını qazanmağı ümid edəcək.  
Eyni şəkildə, keçirdiyi bir yol qəzasıyla yaralanan biri, başına gələn bu hadisəyə təvəkkülsüz yanaşdığında  içinə düşdüyü kədərdən xilas ola bilməz. Bunu yaradanın Allah olduğunu unutduğu üçün, səhvi avtomobili istifadə edən şoferdə, ya da özündə axtararaq qəzəblənər. Halbuki bu çətinliyi tamamilə yersizdir. Bu qəza Allah dilədiyi üçün olmuşdur. Belə bir vəziyyətdə hadisənin yalnız tək bir xeyrini düşünməsi belə insanı içinə düşdüyü bu çarəsiz əzabdan qurtarmağa bəs edəcək. Məsələn yaralanmaq yerinə ölümlə qarşılaşmış ola biləcəyini düşünməsi belə, Allaha şükr etməsinə və hüzur  və sevinc qazanmasına səbəb olacaq. Ya da yaralanmasının ölümü və axirəti düşünməsinə vəsilə olduğunu, bu səbəblə Allaha daha çox yaxınlaşdığını, Allah qorxusunun daha çox artdığını düşünərək sevinməlidir. Bəlkə bu sayədə qürurdan, böyüklənməkdən xilas olacaq, təvazösü isə Allahın ondan məmnun olmasına səbəb olacaq. Bu isə axirəti üçün ona böyük bir xeyir və qazanc gətirəcək. Bu səbəbdən Allaha və axirət gününə qəti bir iman ilə iman edən bir kimsə, hər cür şəraitdə Allahın yaratdığı xeyir və hikmətləri görə bilər.
İmanı səthi mənada yaşayan insanlar tez-tez təvəkkülsüz ruh halına qapılmaqda və buna görə möminlərin əksinə həyatı sıxıntı və əzab içərisində yaşamaqdadırlar. Bunun yerinə sözü gedən insanlar, Quranda " (Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. " (Ali İmran Surəsi, 173) ayəsiylə bildirilən möminlər kimi Allaha təvəkkül etmiş olsalar, çəkdikləri bütün əzablar sona çatacaq.

Комментариев нет:

Отправить комментарий