2010/10/26

Allahdan başqasını ONU sevən kimi sevənlərin xətası

Allaha səmimi olaraq iman edən bir insan vicdanına uyaraq sevər. Vicdanlarının göstərdiyi sevgini rədd edən inkarçıların yol göstəriciləri isə nəfsləridir. Deməli, iman edənlərlə inkar edənlərin sevgi barədə düşüncələri fərqlidir. Allah bu fərqi Quranda belə bildirir:

(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. …" (Ənkəbut Surəsi, 25)

Ayədə xəbər verilən bütlər hər şeyi yaradanın Uca Allah olduğunu unudaraq və ya göz ardı edərək sevilən hər şey ola bilər. Gözəl bir insan, lüks bir ev, iş yerində əldə edilən bacarıq, zəkadan qaynaqlanan qabiliyyətlər… Halbuki iman edənlər sevdikləri gözəlliyin əslində Allaha aid olduğunu bilərək bunu əsla ağıllarından çıxarmazlar. İnsan gözəlliyindəki fiziki mükəmməllik, ruha xoş gələn sözlər, gözlərdəki mənalı ifadə, dinlədikdə zövq alınan musiqi, ləzzətli bir yemək, ya da parıldayan bir ləl-cəvahiratın gözəlliyi – bütün bunlar Allahın insanın ruhuna verdiyi qəbul etmə qabiliyyəti ilə dəyərləndirilir. Allah sevgisini ürəklərinə yerləşdirə bilməyənlərin ruhları isə bütün bu saydığımız nemətlərdən zövq almaqdan məhrumdur. Onlar üçün nəfslərindəki ilk həyəcan keçdikdən sonra gözəl bir insan artıq adi bir insan, bir iltifat yalnızca bir söz, gözdəki dərin ifadə yalnız bir baxış, bir musiqi notu yalnızca bir səs, ləzzətli bir yemək yalnızca bişmiş bir ət və tərəvəz qarışığı, ləl-cəvahirat isə yalnızca bir şüşə parçasından ibarət olur. "Zövqlərin tükənməsi" ruhlarını Allahın istədiyi kimi yönəltməyənlərdə sezilən haldır. İş yerlərində, qəzet xəbərlərində, ya da dostlarla görüşdə hər cür gözəllikdən bezmiş və artıq heç bir şeydən zövq almayan müxtəlif insanlar var. Bu insanlar Allahın yaratdığı sonsuz müxtəliflikdəki gözəlliklərə qarşı duyğusuzlaşmış və hətta nifrət etməyə də başlamışlar. Gözəllikləri sevə bilməmələrinin səbəbi isə Allahı gərəyi kimi tanımamalarından və sevməmələrindən qaynaqlanır. Allah sevgisini unutmuş bir insanın Allahın yaratdıqlarını sevməsinə də imkan yoxdur. Bu insanların ortaq xüsusiyyəti Allahdan qorxmağa və ONU ucaldaraq sevməyə qarşı çıxmaları və təkəbbürlük xəstəliyinə mübtəla olmalarıdır. Allah bu insanların vəziyyətini bir ayədə belə xəbər verir:

"Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün (onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünya həyatınızda (bütün) nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!"" (Əhqaf Surəsi, 20)

Allaha dərin bir sevgi və hörmət dolu bir qorxu ilə bağlı olan insanlar isə əsl sevgini bilən və yaşayanlardır. Allahın hər yerdə açıq-aydın görünən böyüklüyünü və yeganə Yaradıcımız olduğunu dərk edə bilən Müsəlmanlar heç bir qüvvəni, insanı və varlığı ONA ortaq qoşmazlar. Yaradılışdakı mükəmməlliyin sahibi yalnızca Allahdır və hər şey ONA möhtacdır. Bu fövqəladə və möcüzəvi yaradılışı gördükləri halda Allaha qul olmaqdan imtina edənlər isə gözəllik və güc sahibi kimi görünən hər varlığı Allaha ortaq qoşa bilərlər. Gözəlliyin, gücün, qabiliyyətin, ya da zənginliyin əsl sahibinin onları yaradan Allahın olduğunu görməməzlikdən gələrlər. Heç şübhəsiz bu çox böyük bir xətadır. Bu səhvə yol verən insanlar davranışlarını dəyişməzlərsə, həm dünyada, həm də axirətdə bu davranışlarının nəticəsindən qorxmalıdırlar. Quranda səmimi olaraq iman edənlərlə - etməyənlərin sevgi anlayışındakı fərq bir ayədə bu şəkildə bildirilir:

"İnsanlar içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər". (Bəqərə Surəsi, 165)

Hər an, hər yerdə qarşılarına çıxan bu həqiqəti unutmağa çalışanlar üçün -ayədə bildirildiyi kimi-dünyada da bir sıxıntı və cəza vardır: "Şüphəsiz ki, zalimləri hələ bundan başqa da əzab gözləyir. Lakin onların əksəriyyəti bilməz!" (Tur surəsi, 47)

Bu insanların Allahın verdiyi ən böyük nemətlərdən biri olan səmimiyyətlə sevmək və sevilməkdən məhrum olmaları ayədə bəhs edilən əzablardan biri ola bilər (Doğrusunu Allah bilir). Özündən başqa heç kimi və heç nəyi səmimi olaraq sevə bilməyən bir insan üçün artıq dünyada hər şey mənasızdır. Ruh əslində sevgiyə yönəlmiş şəkildə  yaradılmışdır. Bu yaradılışı Allaha üsyan və şirklə pozan şəxslər də sevgini axtararlar, lakin qarşılaşdıqları insan da iman əxlaqını yaşamadığı və özləri kimi eqoist olduğundan axtardıqlarını tapa bilməzlər. Əsl sevgini tapa bilmələri üçün Allahın istədiyi kimi yaşamaları və Onun bəyənəcəyi əxlaqdan uzaq  olmaları lazımdır.

Комментариев нет:

Отправить комментарий