2010/10/26

DÜNYADAKI GİZLİ ƏZABLARIN ÇARƏSİ

Saytda izah edilənlər bəzi insanların böhranlı, bədbəxt, içinə qapalı, gərgin ruh halına sahib ola biləcəyini göstərir. Bu saytın hazırlanma məqsədi yalnız insanlara niyə bədbəxt olduqlarını, hansı səmimiyyətsizliklərin özlərinə əzab olaraq geri döndüyünü, dünyada və axirətdə özlərini nə cür təhlükələrin gözlədiyini izah etmək deyil, hər şeydən əvvəl onlara bu ruh halından xilas olmağın, səmimiyyəti qazanmağın yollarını göstərməkdir. Hamı bilməlidir ki, bu sıxıntılı ruh halından xilas olmaq, dünyada və axirətdə rahat, dinc və xoşbəxt həyat yaşamaq əslində son dərəcə asandır. Üstəlik bu ağla uyğun olan və doğru olandır.
Bunun üçün hər şeydən əvvəl iman əhli də olsa insan "həqiqi dindar" olmağa səmimi olaraq niyyət etməlidir. Allah Quranda saleh möminlərin xüsusiyyətlərini təsvir etmişdir. "Saleh mömin" əxlaqı təkdir. Allah bu əxlaqı yaşayan insanın dünyada və axirətdə qurtuluş tapacağını vəd etmişdir. Bunun üçün isə insan meydana gələn hər hadisənin, hər işin Allahın izni ilə və Allahın idarəsində reallaşdığını unutmamadır. Bu son dərəcə əhəmiyyətli həqiqətdir. Bunu bilmək və hər an bu şüurla hərəkət etmək insanın dünyadakı gizli əzablardan xilas olmasının ən əhəmiyyətli yollarından biridir. Bunu bilən, bunu tam mənasıyla qavrayan insan başına hər nə gəlirsə gəlsin, hadisələr nə qədər mənfi görünürsə görünsün, bunun əslində özü üçün xeyirli olduğunu bilər və gözəlliklə qarşılayar. Həqiqi dindarlar qədərə iman etmişlər və heç bir insanın öz qədərini dəyişdirməsinin mümkün olmayacağını bilirlər. Qədər daha insan doğulmadan əvvəl müəyyən edilmişdir. Allah bu mövzunu ayələrində belə açıqlayır:

 "Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun (yaxud başqa birinin) ömrünün qısaldılması da ancaq kitabda (lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. " (Fatir Surəsi, 11)

"(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! " (Yunus Surəsi, 61)
Bu həqiqət qarşısında insan qədərini yaşayarkən qarşılaşdığı hər hadisədən və hər detaldan məmnun olmalı, bunlardakı gözəllikləri görə bilməlidir. Bunlar saleh mömin olmağın şərtləridir. Bu məlumatlara sahib olan və bunları qavrayan bir insanın kədərlənməsi, duyğusallaşması, ağlaması, haqsızlığa uğradığını düşünməsi, qısqanclığa qapılması, inciməsi, küsməsi, hadisələr qarşısında etiraz etməsi, hiddətlənməsi, ümidsizliyə düşməsi kimi hallar  mümkün olmaz. Mömin bunun əvəzinə həyatının hər anından razı, anbaan yaradılan gözəllikləri görə bilən, Allahın idarəsində bir həyat yaşamanın gətirdiyi rahatlığa şükr edən bir ruh halı içində olar. Özü hikmətini anlasın, ya da anlamasın Allahdan gələn hər şeydən məmnun olar. Belə insanı dünyada heç bir hadisə kədərləndirməz, narahat edə bilməz, həyəcanlandırmaz, qorxmasına səbəb ola bilməz. Bu adam qədərinin xaricinə çıxa bilməyəcəyini bildiyi, niyyəti də səmimi və təmiz olduğu üçün Allahdan həmişə gözəllik və xeyir ümid edər. Həyatında heç bir ümidsizliyə yol verməz. Bu əzablardan xilas olmağın ən əhəmiyyətli şərtlərindən bir başqası da insanın "səmimi olmağa həqiqi mənada niyyət etməsi"dir. Nəzərdə tutulan səmimiyyət özü ilə birlikdə dürüstlüyü, nəfsi qorumamağı, mənfəətləriylə zidd olan vəziyyətlərdə belə Allaha və möminlərə sadiq olmağı, Quran əxlaqını, ya da möminlərin rahatlığını öz mənfəətlərindən üstün tutmağı tələb edən bir səmimiyyət anlayışıdır.
Bununla bərabər insan qəlbini hər an Allaha bağlamalı və nəfsinin mənfi təlqinlərinə qapılmayaraq daxilini təmiz saxlamalıdır. Allahın insanları hər an eşidiyini və gördüyünü, hətta insana şah damarından daha yaxın olduğunu ağlından çıxarmamalıdır. Allah bu həqiqəti Quranda belə bildirir:
"And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!) Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf Surəsi, 16-18)
Bu həqiqəti anlamaq da səmimi mömin olmağın ən fundamental şərtlərindəndir. Bu insan hər an Allahın qulluğunda olduğunu bildiyi və qarşısına Allahın məmnuniyyətini qazanmağı məqsəd qoyduğu üçün səmimiyyətsizliyi doğuracaq bütün davranışlardan şiddətlə qaçır. Bir insanın Allahın eşitdiyini və gördüyünü bilərək möminlərə yalan danışması, onları narahat edəcək sözlər söyləməsi, səmimiyyətsiz baxışlarla baxması, eqoist davranması, həqiqi xarakterini gizlədərək süni davranması mümkün olmaz, çünki Allahın hər an yanında olduğuna dəqiq iman edir. Etdiyi hər cür vicdansızlığın axirətdə hesabını da mütləq verəcəyini bildiyi üçün daim vicdanlı davranıb, hər an Allahı məmnun edəcək əxlaqı göstərir. Sübut edilə bilməyəcəyini düşündüyü davranışlara, gizli xainliklərə heç bir zaman tənəzzül etməz, çünki Allahın ürəklərdə olanı bilən olduğunun fərqindədir. Eyni şəkildə özünü aldatmaz, günahsız olduğuna inandırmağa da çalışmaz. Allahın bunu da bildiyini bilər. Digər insanlar bilməsə belə Allahın bildiyi bir həqiqəti insanlardan gizləməyə çalışmaz. Çünki əhəmiyyətli olan Allahın təqdiridir.
Bütün bunların nəticəsində isə tərtəmiz, vicdanlı, dürüst, səmimi bir insan ortaya çıxar. Belə bir insan onsuz da hər an Allahın razılığına uyğun bir şəkildə davranmanın gətirdiyi hüzur, güvən və daxili sevinci yaşayır. Səmimi bir insan dünyada gözəl bir həyat yaşadığı kimi axirətdə də inananlar üçün hazırlanan sonsuz gözəllikdəki cənnətdə bənzərsiz bir xoşbəxtliyi sonsuza qədər yaşayar.

Комментариев нет:

Отправить комментарий